Mayıs duyğuları | Məmməd Əmin Rəsulzadə

İlk çağındaydı gözəl mövsümün,
Qışdan çıxılmışdı, bahar gəlmişdi.
İyirmi səkkizində idi Mayısın,
Azərbaycan İstiqlala girmişdi.

Erkən qopdu bir qasırğa quzeydən,
Baharımız, heyhat döndü qış oldu.
Azərbaycan Moskovların əlində,
Əsarətin zəhərini dadmış oldu.
Azərilər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu.
İstiqlalı bir kərə dadmış millət,
“Hürriyyət” fikrinə candan vuruldu.

Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda,
Əlbət bitər bir yeni Azərbaycan.

Şiddətliysə əgər mövsümün qışı,
Yeni bahar, demək, parlaq olacaq.
Verdiyimiz qurbanların bahası,
Bizə yalnız hürriyyətlə dolacaq.

Tarixin yenə gözəl bir çağında,
Qaranlıq qış keçib, bahar gələcək.
Hər hansı bir ilin aydın günündə,
Azərbaycan İstiqlala girəcək!

«Azərbaycan» jurnalı, Ankara
Mart 1955-ci il. (Son şeir)
 

0 şərh